Yubiley tədbirlərinə Azərbaycan
nümayəndə heyəti də qatılıb
Türkiyənin Elazığ şəhərində azərbaycanlı şair Almas
İldırımın 100 illik yubileyi münasibətilə tədbirlər
keçirilir. Yubiley tədbirlərində Azərbaycan Yazıçılar
Birliyinin sədri Anar, Mədəniyyət və Turizm Nazirliyinin
şöbə müdiri Vaqif Bəhmənli, həmçinin bir qrup şair və
yazıçıdan ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edir.
Bu gün onlar Elazığ valisi Miəmmər Muşmalla görüşüblər.
Muammer Muşmal Azərbaycan nümayəndə heyətini qəbul etməkdən
məmnun olduğunu bildirərək A. İldırımı Azərbaycan və
Türkiyənin ortaq dəyəri adlandırıb. Anar isə daha əvvəl
Elazığda Almas İldırımın xatirəsinə həsr olunan 13-cü
Beynəlxalq Xəzər Şeir Axşamlarında iştirak etdiyini
xatırladaraq bu şəhərdən xoş xatirələrlə ayrıldığını
söyləyib: “O vaxtdan bəri Elazığ daha da gözəlləşib. Bizim
milli şairimiz Almas İldırım üçün hazırladığınız proqrama
görə sizə təşəkkür edirik. İndi növbə bizdədir. Hamınızı
iyun ayında Bakıda gözləyirik”. Qeyd edək ki, Sovet
hökumətinin aramsız təqib və repressiyalardan canını
qurtararaq Türkiyəyə qaçan A. İldırım 19 il Elazığ şəhərində
yaşayıb.