Mühacir
həyatı yaşamış şair Almas İldırım 100 yaşına çatdı.
Azərbaycan ədəbiyyatında onun yeri necə görünür? Türk
dünyası üçün Almas İldırım şəxsiyyəti nə deməkdir?
Müsahibimiz Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Maarif Teymurdur.
—Maarif bəy, Almas İldırım kimdir?
—Gerçək adı Yıldırım, soyadı Almaszadə olub.
1907-ci il Martın 24-də Abşeronun Qala kəndində doğulub. «İttihad»
məktəbində təhsil alıb, 1925-ci ildə universitetin
Şərqşünaslıq fakültəsinə daxil olub, ancaq atası vaxtı ilə
tacir olduğundan təhsilini tamamlamağa imkân verməyiblər.
Yaradıcılığa başlayan gündən adı bolşeviklərin qara
siyahılarına düşüb. «NKVD» Almas İldırımı «tərbiyə» etmək,
bolşevik arşınına uyğunlaşdırmaq üçün Dağıstana sürgün edir.
İki il Dağıstanda qalan şair yazırdı:
Gizli yol kəsmədim, qaçaq olmadım,
Sakit bir həyatı pozmadım mən ki!..
Heç kimə qanlı bir bıçaq olmadım,
Heç bir qətlə fərman yazmadım mən ki!..
Bu dəfə isə onu Türküstana sürgün edirlər.
Almas İldırım yenə inadından dönmür.
—Bəs şair qırmızı terrordan necə qurtula
bilir?
—Zəkalı, bilikli insanları 20-ci illərdən
izləyirdilər. 1933-cü ildə Almas İldırım İrana keçməyə cəhd
göstərir, ancaq onu «sovet casusu» adıyla tutub bir aya
yaxın suyun içində saxlayırlar. Daha sonra bəxti gətirir və
İrandan Türkiyənin Elazıq elinə keçə bilir. Beləcə, həyatını
17 il uzadır. Əks hâlda, Almas İıldırım ən geci 1937-ci ildə
Stalin repressiyasının amansız güllələrinə tuş gələcəkdi…
—Elazığda Xəzər gölünün olması haqqında
ilk dəfə nə vaxt xəbər tutmusunuz?
—Almas İıldırım 1933-cü ildə Türkiyədə-Elazıqda
məskunlaşır. Çox səfalı təbiəti olan Elazığda kiçik bir göl
də varmış-Gölcük adında. Ona bir şeir də həsr edir. 1935-ci
ildə Atatürkə məktub yazır ki, bəs mən Azərbaycandan gələn
bir qaçqınam. Mümkünsə vətənimin Xəzər dənizinə oxşayan
Gölcük məhz Xəzər adlandırılsın. Şairin bu xahişi yerinə
yetirilir. Beləcə, Bakının Xəzəri Elazığın Xəzəriylə adaş
olur.
—Bu Xəzər o Xəzərə necə qovuşdu və niyə
qovuşdu?
—1992-ci ildən Xəzərləri «qovuşdurduq». 1999-cu
ildən Elazığda Xəzər Şeir Axşamları keçirilir. Oranın
insanları İldırımı dərin hörmətlə anırlar. Bu, bizə qürur
verir.
—Almas İldırımdan nə və ya nələr yadigar
qalıb?
—Türkiyədə onun «Ninnilər» və «Bayatılar»
kitabları çapdan çıxıbmış. O kitablardakı şeirləri sonralar
«Qara dastan»da dərc etdirmişik. Axtarışlar davam edir. Yeni
əsərlərlə görüş çox çəkməyəcək.
—Şeir yadigârlarını yavaş-yavaş oxuyuruq…
Almas İldırımın övlad yadigarlarını necə, tanıyırıqmı?
Məsələn, Azər Alması?
—Eldəgəz və Yurdavar adlı oğullarını eyni
gündə dəfn edib. Uşaqların adı Almas İldırımın vətən və
türklük sevgisini göstərmirmi? 6 oğlu olub. Onun 4-cü oğlu
Araz Almasın gözəl şeirləri vardı, rəhmətə gedib. Özü də
Şüvəlanda basdırıblar. Azər adlı böyük oğlu hazırda sağdır
və Azərin oğlu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasında
mühəndis kimi çalışıb.
—Sağlığında ona «millətçi və pantürkist
şair damğası» vurulmuşdu. Bəs gələcədə hansı ad qalacaq?
—Vətənsevər şair, türklüyə körpü salan
mühacir şair kimi qalacaq. Ruhlar ölmür. Onun ruhu hər an
yurdunu qarış-qarış gəzir.