Akademiyalar arasında
əlaqələrin möhkəmləndirilməsinin vacibliyi xüsusi
vurğulanmışdır
Mühacir ədəbiyyatımızın tanınmış nümayəndəsi Almas İldırımın
anadan olmasının 100 illik yubileyində iştirak etmək üçün
ölkəmizə gəlmiş türkiyəli qonaqlar sentyabrın 27-də
Azərbaycan Milli Elmlər Akademiyasında olmuşlar.
Akademiyanın prezidenti Mahmud Kərimov AMEA-nın fəaliyyəti
barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki,
1945-ci ildən fəaliyyətə başlayan Akademiya ölkəmizdə elm
siyasətini həyata keçirir. 40-dan çox elm sahəsini
birləşdirən bu qurumda minlərlə insan çalışır. Onlarla
alimimiz təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda
da yaxşı tanınır və beynəlxalq elmi qurumların üzvüdür.
Almas İldırımın həm qardaş Türkiyədə, həm də Vətəni
Azərbaycanda dərin məhəbbətlə sevildiyini vurğulayan natiq
bu görüşün də məhz ölkəmizdə, ortaq sənətkarımızın 100 illik
yubileyi çərçivəsində keçirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edənlər – akademik Bəkir Nəbiyev, Türkiyədən
gəlmiş nümayəndə heyətinin başçısı, Elazığ valisi Muammer
Muşmal, Firat Univesitetinin rektoru Mehmet Hamdi Muz,
Elazığ bələdiyyəsinin sədri Mehmet Suleymanoğlu, yubilyarın
oğlu Azər Almas və başqaları Almas İldırımı istedadlı
istiqlal şairi kimi dəyərləndirmiş, onun yaradıcılığının bu
gün də müasir olduğunu bildirmişlər. Ölkələrimiz arasında
hərtərəfli əlaqələrin sürətlə inkişaf etdirildiyindən söz
açan natiqlər, bu gün Azərbaycanın elm adamlarından
bəzilərinin Türkiyədə çalışdığını demişlər. Çıxış edənlər
ölkələrimizin akademiyaları arasındakı əlaqələrin daha da
möhkələndirilməsinin, birgə araşdırmalar aparılmasının
vacibliyini vurğulamışlar. Şair Çingiz Əlioğlu Mədəniyyət və
Turizm Nazirliyinin nəşr etdirdiyi Almas İldırımın şeirləri
toplanmış və akademik Bəkir Nəbiyevin “Ön söz” yazdığı
“Boğulmayan bir səs” kitabını Akademiyaya təqdim etmişdir.