Türk dünyasının ünlü şairi Almas İldırımın 100 illik
yubileyi çərçivəsində tədbirlər davam edir. Didərgin həyatı
yaşamış mərhum şairin yubiley törəni bu dəfə Qaradağ
rayonundakı Qobustan qoruğunda düzənləndi. Dünya
Azərbaycanlıları Konqresinin ( DAK) Regionlararası
Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə düzənlənən tədbir
A.İldırımın xatirəsinə həsr olunmuş möhtəşəm bir mərasim
kimi yâdda qaldı. Yeri gəlmişkən qeyd edək ki, dünyanın 56
ölkəsində rəsmi tanınan, Azərbaycanın ən böyük diaspor
təşkilatı olan DAK-ın iyulun 7–8-də Almaniyanın Köln
şəhərində IX qurultayı keçiriləcək. Tədbirin aparıcısı
aktyor Ağalar Bayramov şairin həyat və yaradıcılığı haqda
danışdıqdan sonra DAK Ali Məclisinin sədri, millət vəkili
Sabir Rüstəmxanlıya söz verdi. Sabir Rüstəmxanlı Almas
İldırımı istedadlı, vətənpərvər şair olmaqla bərabər,
əqidəsinə sadiq bir vətəndaş kimi xarakterizə etdi: "Bu,
Almas İldırımın taleyi idi. Vaxtilə kimlərəsə mədhiyyələr
deyib var-dövlət sahibi olanlar bu milləti Moskvanın
köləsinə çevirdilər. Mənəvi dəyərlərimizi ayaqlar altına
atan, xalqımızın başını aşağı edən məhvə məhkum belə
nankorlardan fərqli olaraq Almas İldırım bunların heç birini
etmədi. O, məsləkinə, amalına, tutduğu yola sadiq qaldığı
üçün fərqli bir tale yaşadı. O, Əhməd Ağaoğlu, Əlibəy
Hüseynzadə, Əhməd Cavad kimi öz ruhu, yaradıcılığı ilə bu
gün zirvədədir, həmişə də zirvədə olacaq. DAK Almas
İldırımın ideyalarını həyata keçirən bir qurumdur". Şair
Ənvər Əhməd Almas İldırımı "Ələmli, həsrətli şair"
adlandırdı: "Bəlkə də zaman-zaman Azərbaycandan çox şair
yetişdirən və zaman-zaman Azərbaycandan çox şair itirən ölkə
olmayıb. Almas İldırım ürəyində vətən həsrəti, Azərbaycanı
bütöv görmədən dünyasını dəyişdi".Xaricdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Komitənin nümayəndəsi Qafar Əliyev
tədbirin əhəmiyyətindən danışdı: "Almas İldırımın 100 illik
yubileyini bütün türk dünyası səviyyəsində keçirməyimiz
şairin ruhuna dərin hörmət və ehtiramımızın əlamətidir. Fəxr
edirik ki, xalqımızın, türk dünyasının Almas İldırım kimi
ziyalısı, söz adamı var". Şair Abbas Abdulla Almas İldırımın
kiril əlifbasına etiraz edən ilk ziyalılardan olduğunu önə
çəkdi: "Onun yaşayış yeri kimi İstanbulu, Ankaranı deyil,
Elazıxı seçməsinin özəl bir səbəbi vardı. Elazıx "Azıx eli"
anlamını verdiyi, orada Azərbaba tapınağı və Xəzər gölü
olduğu üçün Almas İldırım həmin şəhəri seçib, orada yaşayıb".
Maarif Teymur şairin ruhuna dərin hörmət və ehtiramını belə
ifadə etdi: "İlahi, Almas İdırımın ruhu nə qədər müqəddəsdir
ki, bütün türk dünyasını bir araya gətirib". Professor Əyyub
Əzizov A.İldırımın keçdiyi şərəfli ömür yolundan söz açdı,
onun bütün türk dünyasının əziz şairi olduğunu bildirdi.
Səyavuş Mustafayev, professor Nazim Qəhrəman və digərləri də
şair haqda xoş sözlərini dilə gətirdilər. Tanınmış sənətçi
Şəmistan Əlizamanlı "Çırpınırdı Qara Dəniz", "Kərkük
türküsü", "Bay yurdum" "Tanrı türkə yar olsun" və digər
mahnıları ilə tədbiri daha da rövnəqləndirdi. Şəmistan
Əlizamanlının əzəmətli səsi tədbir iştirakçılarını ayağa
qaldırdı, o öz ifası ilə sanki qayaları lərzəyə gətirdi.
Üçrəngli bayrağımız o səsin cazibəsi altında daha qürurla
dalğalandı. Muğam ifaçısı Nuriyyə Hüseynova, Aşıq Əhliman,
Qaradağ Mədəniyyət Evinin üzvləri dəyubileytədbirində çıxış
etdilər.