ALMAS İLDIRIMIN 100 İLLİYİ
TÜRKİYƏDƏ TƏNTƏNƏ İLƏ QEYD OLUNUB
Ekspres/17 Aprel 2007
Azərbaycanın mühacir şairi Almas İldırımın 100 illiyi
Türkiyənin Elazığ şəhərində böyük təntənə ilə qeyd olunub.
Azərbaycan Yazıçılar Birliyi (AYB) mətbuat xidmətinin
rəhbəri Ədalət Əsgəroğlunun APA-ya bildirdiyinə görə,
yubiley tədbirlərində iştirak etmək üçün Türkiyəyə yola
düşən Azərbaycanın nümayəndə heyəti hörmətlə qarşılanıb. AYB-nin
sədri Anar başda olmaqla Fikrət Qoca, Bəkir Nəbiyev, Maarif
Teymur, Ədalət Əsgəroğlu və İlqar Fəhmi, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyindən isə nəşriyyat, reklam
təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin
rəhbərliyi ilə “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid,
Almas İldırım şeirlərinin ifaçısı Məleykə Məmmədova, Almas
İldırımın qardaşı oğlu Hacıağa Almaszadə, Rafiq Səməndər və
İctimai Televiziyanın çəkiliş qrupu aprelin 11-i Elazığ
şəhərində olub. Həmin gün Azərbaycanın Mədəniyyət və Turizm
Nazirliyinin, Türkiyə Kültür və Turizm Bakanlığının dəstəyi,
Elazığ Valiliyi, Elazığ Bələdiyyəsi və Azərbaycan Yazıçılar
Birliyinin təşkilatçılığı ilə keçirilən Almas İldırımın 100
illiyinə həsr olunmuş tədbirlərin açılışı başlayıb. Fırat
Universitetinin Atatürk Mərkəzində keçirilən açılışda
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin
təbrik məktubu oxunub. Elazığ Anadolu Liseyi və “Turan”
qəzetinin qonağı olan tədbir iştirakçıları daha sonra şairin
adının əbədiləşdirilməsi mərasiminə qatılıblar. Elazığ
şəhərinin mərkəzi küçələrindən birinə Almas İldırımın adı
verilib. Küçənin açılış mərasimində Elazığ Bələdiyyəsinin
başqanı Süleyman Selmanoğlu, Elazığ valisi Muammer Muşmal,
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi
Vaqif Bəhmənli və başqalarının çıxışı dinlənilib. Həmin gün
Almas İldırımın vəsiyyəti yerinə yetirilib. Elazığ şəhəri
yaxınlığında şairin ad verdiyi Xəzər gölünə Bakıdan yola
düşən nümayəndə heyətinin özü ilə apardığı Xəzər dənizinin
suyu axıdılıb. Aprelin 12-də Fırat Universitetinin Atatürk
Kültür Mərkəzində “Xəzərdən Xəzərə” adlı Almas İldırımın
yubileyinə həsr olunmuş simpozium keçirilib. Simpoziumda
şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib,
şeirləri ifa edilib. Simpoziumarası konfranslarda Ənvər
Araslının Almas İldırıma həsr etdiyi, Anarın ön söz yazdığı
“Xəzərdən Xəzərə” kitabının təqdimatı olub. Aprelin 13-də
nümayəndə heyəti Xan kəndində və Ağın kəndində şairin
yaşadığı evi ziyarət edib, Xankəndinin Atatürk küçəsi ilə
kəsişən küçəyə Almas İldırımın adının verilməsi mərasiminə
qatılıb. Tədbirlərdə şairin hazırda Türkiyədə yaşayan oğlu
Azər Almas da iştirak edib. Çox böyük təntənə ilə qeyd
olunan Almas İldırım günləri aprelin 14-ü başa çatıb. Qeyd
edək ki, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan
sonra millətçilik ruhunda yazdığı şeirlərə görə təzyiqlərlə
üzləşən Almas İldırım əvvəlcə Azərbaycandan Dağıstana,
oradan Türkmənistana, sonra İrana və nəhayət, Türkiyəyə
köçməyə məcbur olub. Türkiyənin 200 kəndində yaşayan şair
ömrünün sonuna kimi bu ölkədə sığınacaq tapıb. Elazığ
şəhərində təntənə ilə qeyd olunan bu yubiley tədbirləri ilə
qonşu ölkə Azərbaycanın mühacir şairinə olan böyük hörmət və
məhəbbətini ifadə edib