ALMAS İLDIRIMIN 100 İLLİYİ TÜRKİYƏDƏ TƏNTƏNƏ
İLƏ QEYD OLUNUB
Ekspress
Azərbaycanın mühacir şairi Almas İldırımın 100 illiyi
Türkiyənin Elazığ şəhərində böyük təntənə ilə qeyd olunub.
Azərbaycan Yazıçılar Birliyi (AYB) mətbuat xidmətinin
rəhbəri Ədalət Əsgəroğlunun APA-ya bildirdiyinə görə,
yubiley tədbirlərində iştirak etmək üçün Türkiyəyə yola
düşən Azərbaycanın nümayəndə heyəti hörmətlə qarşılanıb. AYB-nin
sədri Anar başda olmaqla Fikrət Qoca, Bəkir Nəbiyev, Maarif
Teymur, Ədalət Əsgəroğlu və İlqar Fəhmi, Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyindən isə nəşriyyat, reklam
təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənlinin
rəhbərliyi ilə “525-ci qəzet” in baş redaktoru Rəşad Məcid,
Almas İldırım şeirlərinin ifaçısı Məleykə Məmmədova, Almas
İldırımın qardaşı oğlu Hacıağa Almaszadə, Rafiq Səməndər və
İctimai Televiziyanın çəkiliş qrupu aprelin 11-i Elazığ
şəhərində olub.
Həmin gün Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinin, Türkiyə Kültür və Turizm
Bakanlığının dəstəyi, Elazığ Valiliyi, Elazığ Bələdiyyəsi və
Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən
Almas İldırımın 100 illiyinə həsr olunmuş tədbirlərin
açılışı başlayıb. Fırat Universitetinin Atatürk Mərkəzində
keçirilən açılışda Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevin təbrik məktubu oxunub. Elazığ Anadolu
Liseyi və “Turan” qəzetinin qonağı olan tədbir iştirakçıları
daha sonra şairin adının əbədiləşdirilməsi mərasiminə
qatılıblar. Elazığ şəhərinin mərkəzi küçələrindən birinə
Almas İldırımın adı verilib. Küçənin açılış mərasimində
Elazığ Bələdiyyəsinin başqanı Süleyman Selmanoğlu, Elazığ
valisi Muammer Muşmal, Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyinin təmsilçisi Vaqif Bəhmənli və başqalarının
çıxışı dinlənilib. Həmin gün Almas İldırımın vəsiyyəti
yerinə yetirilib. Elazığ şəhəri yaxınlığında şairin ad
verdiyi Xəzər gölünə Bakıdan yola düşən nümayəndə heyətinin
özü ilə apardığı Xəzər dənizinin suyu axıdılıb. Aprelin 12-də
Fırat Universitetinin Atatürk Kültür Mərkəzində “Xəzərdən
Xəzərə” adlı Almas İldırımın yubileyinə həsr olunmuş
simpozium keçirilib. Simpoziumda şairin həyat və
yaradıcılığı haqqında geniş məlumat verilib, şeirləri ifa
edilib. Simpoziumarası konfranslarda Ənvər Araslının Almas
İldırıma həsr etdiyi, Anarın ön söz yazdığı “Xəzərdən Xəzərə”
kitabının təqdimatı olub. Aprelin 13-də nümayəndə heyəti Xan
kəndində və Ağın kəndində şairin yaşadığı evi ziyarət edib,
Xankəndinin Atatürk küçəsi ilə kəsişən küçəyə Almas
İldırımın adının verilməsi mərasiminə qatılıb. Tədbirlərdə
şairin hazırda Türkiyədə yaşayan oğlu Azər Almas da iştirak
edib. Çox böyük təntənə ilə qeyd olunan Almas İldırım
günləri aprelin 14-ü başa çatıb. Qeyd edək ki, Azərbaycan
Demokratik Cümhuriyyətinin süqutundan sonra millətçilik
ruhunda yazdığı şeirlərə görə təzyiqlərlə üzləşən Almas
İldırım əvvəlcə Azərbaycandan Dağıstana, oradan
Türkmənistana, sonra İrana və nəhayət, Türkiyəyə köçməyə
məcbur olub. Türkiyənin 200 kəndində yaşayan şair ömrünün
sonuna kimi bu ölkədə sığınacaq tapıb. Elazığ şəhərində
təntənə ilə qeyd olunan bu yubiley tədbirləri ilə qonşu ölkə
Azərbaycanın mühacir şairinə olan böyük hörmət və
məhəbbətini ifadə edib